Zəif fiqurlarla alınmır
Məlum səbəbdən “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Tofiq Bəhramov”da meydan sahibi statusuyla oynayan “Xəzər Lənkəran”ın ağdamlıları 2:1 hesabıyla yenməsinin səbəbini məşqçi Oğuz Çətinin dahiyanə gedişləri ilə bağlamaq absurddu. Ənənəvi sxemdən faydalanan Qurban Qurbanov matça gözlənildiyi kimi, eksperimental heyətlə başladı. Qara Qarayev və Rəşad Sadıqovun timsalında 2 təcrübəlini oyuna ikinci yarının ortalarında qoşan “köhlən atlar”ın çalışdırıcısı zəif ifaçılarla güvəndiyi oyun tərzinin effek vermədiyini gördü. Maksim Medvedev müdafiənin mərkəzində yer almışdısa (Bədavi Hüseynovun yoxluğunda Medvedevin oynadığı cinah – müdafiənin sağı İlqar Qurbanova tapşırılmışdı), oyun qurucusu mövqeyində Toğrul Bilallı, yarımmüdafiənin solunda Təmkin Xəlilzadə kimi, mövsüm boyu ehtiyatda qalmış adlar idi. Xəlilzadəni əvəzləyən Tural İsgəndərov haqda da eyni sözləri deyə bilərik. Reynaldosuz, Riçard Almeydasız, Bədavisiz, Çumbinyosuz, Muarem Muaremsiz, Leroy Corcsuz “Qarabağ”ın oyunun sonlarına yaxın buraxdığı qol sayəsində yenilməsi təbii qarşılanmalıdı. “Gəmiçilər”in futbolçuları baş məşqçi postunda baş verəcək dəyişiklik ərəfəsində özünü göstərməyə borclu idi.
Əbdülvahid uzatma dəqiqələrində fərqlənibsə...
“Bürünc” naminə “Sumqayıt”ı devirəcəyi şübhə doğurmayan “Qəbələ” təəccübləndirmədi. Ötən tur olduğu kimi hesabı açıb müdafiə olunmağa çalışan “Sumqayıt”ın topla səliqəli davranaraq, nəticəyə getmək arzusu gözündə qaldı. Bəlli enişin ardından toparlanan, “bürünc”ə yerikləyən “qırmızı-qaralar” ustalıq səviyyəsi yüksək olan legionerlərin hesabına 3:1-ə sevindi. Hə, Yuri Syominin adətən döyüşə sonradan atdığı Əbdülvahid Afolabinin oyunda son nöqtəni qoyması qabardılmalıdı. Onun uzatma dəqiqələrində fərqlənməsi isə bölgə təmsilçisinin sonadək hücumlara ara vermədiyinə, qonaqlardan çəkinmədiyinə sübutdu. Yenilgiyə rəğmən, elitadan getmədiyinə sevinən sumqayıtlılar iddialı rəqibə qonaq qismində bacardığı qədər müqavimət göstərdi.
Dramatik sonluq
“Rəvan” tale yüklü qarşılaşmada ölkə kubokunda “önündən sildiyi” “Bakı”ya uduzaraq, elitayla vidalaşdı. “Sarı-qırmızılar”ın dərdinə dərman olmayan Güvənc Kurtar yetirmələrini oyuna pis hazırlamamışdı. Lakin autsayderin halına acımayan “zolaqlılar” əlavə söz-söhbətə yer qoymadı. Milinko Pantiçin yetirmələri 90-cı dəqiqədə buraxılan 2 qoldan birinin əvəzini çıxan “Rəvan”ın premyer-liqadan əzmkar yenilgiylə getməsinə də imkan vermək istəmirdi. Rauf Əliyevin əvəzinə meydana çıxan Tural Qürbətovun 90+1-də fərqlənməsi, Xuan Manuel Vareanın 3 dəqiqə sonra hesab arasındakı fərqi azaltması gərgin sonluğun ən parlaq nümunəsidi. Hiss olunurdu ki, autsayderin taleyi əli hər yerdən üzülən “şəhərlilər”in vecinə deyil. 4-2-3-1-dən məharətlə faydalanan Pantiç autsayderin “boynunu vurdu”.
Tsxadadzenin sxemi belə də işləyir
“Gümüş”ü təmin edən “İnter”in baş məşqçisi mövsümün son görüşündə Azər Salahlı, İlqar Ələkbərov, İlkin Sadıqov kimi gənclərin də özünü göstərməsinə şərait yaratdı. Fuad Bayramova sol, Abbas Hüseynova sağ cinah müdafiəçisi mövqeyində start heyətində güvənən Kaxaber Tsxadadzenin yetirmələrinin “təyyarəçilər”i eksperimental heyətlə üstələməsi yaxşı məşqçi işi anlamına gəlir. 9-cu dəqiqədə bu oyunda dubl edən Dieqo Madriqalla 2-ci topu vuran “bankirlər” rəqibin işini 9 dəqiqəyə bitirdi. Növbəti mövsüm komandada oynamayacaq legionerlərin siyasını müəyyənləşdirən Tərlan Əhmədov da Əbülfəz Hüseynliyə 87-ci dəqiqədəforma şansı verməklə, yerli gənc axtarışında olduğunu nümayiş etdirdi. 3:1 hesablı qələbə bank təmsilçisinin ikinci yerə layiq komanda olduğunu bir daha təsdiqlədi.
“Bürünc” kimə lazımdı?
Zaqatalaya əsas heyət oyunçularının çoxunu aparmayan “Neftçi” şimala Böyükağa Hacıyevsiz yollanmışdı. Ölkə kubokunun finalını düşünən “ağ-qaralar” Bəxtiyar Musayevin rəhbərliyi altında istəkli görünürdü. Fasilə ərəfəsində Elvin Yunuszadə “qırmızı” alsa belə, “Simurq” yarımcan flaqmanı üstələməyi bacarmadı. “Bürünc”ü “quru” heç-heçə nəticəsində “Qəbələ”yə güzəştə gedən “Neftçi”nin mükafatçılar sırasına düşməyi uğur saymaması faktdı. Ehtiyatda qalan Ruzi Qiyaslı, Fəhmin Muradbəyli, Cavid Muxtarzadə, Aqşin Qurbanlının oynamamasını isə “qamçılamağa” dəyməz. Bu yaşda gənclərə “18-lik”də olmaq da təcrübə qazandıra bilər. 90+3-də süni qazon üzərinə ayaq basan Orxan Qurbanlının nəyə qadir olduğunu görməyə imkan tapmayanlar növbəti mövsümü gözləsin.
Nihat, "Futbol+"