Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytında açıqlanan 405 komandanın olduğu siyahıda Azərbaycanın 3 təmsilçisi yer alıb.
Avqustda açıqlanan siyahıda 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı komandalar sırasında “River Pleyt” (Argentina), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Olimpik Marsel” (Fransa) kimi klublar da var.
“Sabah” isə daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin yetirmələri 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıblar. Bakılılar 64,5 xala malikdirlər.
Əvəzində hesabında 62,75 xal olan “Neftçi” 298-ci yeri 311-ci pilləyə geriləyib.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. İspaniya nəhəngi "Real” 301 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” isə 268 xalla üçüncü sıradadır.