AÇ 2024-ün seçmə mərhələsi çərçivəısində "Dalğa Arena"da Belçikaya 0:1 hesabı ilə uduzan Azərbaycan yığması, dünənki yoxlama görüşündə İordaniya seçməsini üstələməyi bacardı - 2:1.
"Səbail" baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb millinin hər iki oyunda göstərdiyi performansı və oğlu Coşqun Diniyevin çıxışını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İordaniya matçını saymayaq. Bizim üçün əsas Avropa çempionatının seçmə mərhələsinin oyunu idi. Bu qrupda həqiqətən ən yaxşı oyunlarını keçirdilər. Komanda şəklində başlanğıcdan axıra qədər həm müdafiədə, həm də hücumda daha keyfiyyətli futbol sərgilədilər. Belə rəqibə qarşı bu cür oyun nümayiş etdirəcəklərini nəinki azarkeşlər, hətta mütəxəssislər belə, gözləmirdi. Komanda şəklində meydanda vuruşdular, müdafiədə etibarlı oynadılar. Belə oyundan sonra yoldaşlıq görüşünə köklənmək çətindir. Bilirsiniz ki, əsas oyunlar başqa, yoldaşlıq oyunları başqadır. Buna rəğmən, nəticəyə oynayıb qalib gəldilər.
Fiziki hazırlıq baxımından Coşqun həmin Coşqun deyildi. Atası kimi yox, bir mütəxəssis kimi deyirəm ki, Coşqun fiziki hazırlığı baxmından çox inkişaf edib .Belçikanın cüssəli oyunçularına qarşı mübarizələrdən qalib ayrılmağa çalışırdı. Belçika millisinin orta xətdə dominantlıq edə bilməməsində böyük rolu oldu. Həm iş həcmi çox idi, həm də fiziki durumu çox yaxşı idi. İordaniya ilə oyunda da 70 dəqiqə templə oynaya bildi. Düşünürəm ki, Coşqun çox "artırıb".
Nahid Məmmədov