"Simurq" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Taqim Novruzov Zaqatala klubunu tərk edib.
Müqaviləsi başa çatan yarımmüdafiəçiyə yeni anlaşma təklif olunmayıb. Baş məşqçi Georgi Çixradze güvənmədiyi futbolçunu komandada saxlamaq istəməyib.
Qeyd edək ki, "Simurq"a yayda AZAL-dan transfer olunan Taqim Premyer Liqada 10 oyuna çıxaraq 431 dəqiqə oynayıb. O, əvvəllər AMMK (Bakı), "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", "Rəvan" və AZAL-ın formasını geyinib.
Onu da qeyd edək ki, bundan əvvəl "Simurq" müqaviləsi bitən Nenad Kiso, Nicat Qurbanov və Mindauqas Kalonasla yollarını ayırıb. Onlarla yanaşı, Ruslan Poladov, Stepan Polyak, Dilaver Zrnanoviç, Raul Kostin və Anderson Oliveyranın müqaviləsi başa çatıb. Bu futbolçulardan bəziləri ilə danışıqlar aparır. Komandada saxlanılacaq və gedəcək futbolçuların siyahısı yaxın günlərdə bilinəcək.
Fanat.az