Macarıstanın "Uypeşt"inin futbolçusu Oliver Yurgens AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun üçün Estoniya yığmasına çağırılsa da, dəvəti rədd edib.
Fanat.Az "Sport.delfi"yə istinadən xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisinin Estoniya seçməsinin düşərgəsinə niyə qoşulmaq istəmədiyi barədə suala baş məşqçi Tomas Heberli aydınlıq gətirib:
"Oliver bir müddət öncə əməliyyat olunub. Zədədən qayıtdığı üçün Macarıstan çempionatının oyununda - sentyabrın 23-də MTK-ya qarşı görüşdə meydana sonradan çıxaraq 20 dəqiqə oynayıb. Bu, uzun fasilədən sonra ilk matçı idi. Məntiqlə, hazır deyil. Millinin növbəti matçlarından öncə onunla bir daha danışacağıq. Düzü, Oliverlə bağlı yetərincə nikbinəm".
Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu oktyabrın 13-də Tallindəki "Le Kok Arena"da baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 20:00-da səsləndiriləcək.