Həftəsonu Misli Premyer Liqasında 9-cu turun oyunları keçiriləcək. Tur prinsipial görüşlərlə zəngindir. Düzdür, əsas diqqətlər "Neftçi" - "Qarabağ" qarşılaşmasına yönələcək. Turun maraqla gözlənilən görüşlərindən biri isə bölgədə baş tutacaq. Belə ki, çempionata iddialı başlayan "Səbail", ötən mövsümün avrokubok iştirakçısı "Qəbələ"nin qonağı olacaq. Bayıl təmsilçisi səfərə ciddi itki ilə yollanacaq.
Klubun mətbuat sözçüsü Rəşad Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, portuqaliyalı yarımmüdafiəçi Pedro Nuno səfər matçında komandaya kömək edə bilməyəcək. 28 yaşlı futbolçu sarı vərəqə cəzalısıdır. O, 8 tur ərzində 4 xəbərdarlıq alıb.
Klub rəsmisi bildirib ki, Nunodan başqa, heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur.
Pedro Nuno Premyer Liqada 2 qol vurub. O, "Neftçi" ilə "Araz-Naxçıvan"ı məyus edib.
Qeyd edək ki, "Qəbələ" - "Səbail" görüşü 7 oktyabrda keçiriləcək və 16:00-da başlayacaq.
Mirağa