Ötən gün avrokuboklarda keçirilən oyunlardan sonra UEFA reytinq siyahısını yeniləyib.
Fanat.Az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına şərait yaradıb.
"Qarabağ" ölkəmizə 0,500 əmsal qazandırıb. Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Höteborqda İsveçin “Hekken” klubuna 1:0 hesabı ilə qalib gəlməsi buna şərait yaradıb.
Beləliklə, cari mövsümdəki ümumi qazanc 3,625-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi xalı 17,875-ə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalsa da, 27-28-ci sıradakı Slovakiya ilə Bolqarıstanla aradakı xal fərqi (0,500) azalıb. "Alt mərtəbədəki qonşu" Moldova isə xeyli geridədir - 12,875.
Ümumiyyətlə, baş tutan qarşılaşmalar Çexiya, Ukrayna, Kipr, Slovakiya, Kosovo, Finlandiya və Farer adalarının irəliləməsinə, Norveç, İsrail, İsveç, Rumıniya, Bolqarıstan, İrlandiya, Qazaxıstan, Ermənistan, Latviya, Bosniya və Herseqovinanın geriləməsinə səbəb olub.
UEFA reytinqinə 91,678 xalla İngiltərə başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74.569) isə üçüncü pillədədi.