“Azərbaycan millisinin seçim imkanı bizimkindən genişdir. Öncəki oyunlarına baxsanız, rəqibin daha çox futbolçunun xidmətindən istifadə etdiyini görərsiniz. Bizim isə əksinə, seçim imkanımız məhduddur”.
Fanat.Az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Şimali İrlandiya yığmasının baş məşqçisi Tommi Rayt deyib.
60 yaşlı çalışdırıcı Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı bu gün keçiriləcək oyun ərəfəsində ölkəsinin mətbuatına danışıb:
“Bakıya səfər hazırlıq vaxtının bir hissəsini aldı. Məqsədimiz qələbə qazanmaqdır. Buna görə də diqqətli olmalıyıq. Bizdə Azərbaycanın Serbiyaya qarşı keçirdiyi son oyunun görüntüləri var. Komandanı buna uyğun hazırlamışıq. Oyunu səbirsizliklə gözləyirik. Əvvəlki görüşdə Ukraynaya uduzsaq da, aparılan mübarizə oyunçulara müsbət təsir göstərməlidir. Çünki həmin qarşılaşmanı çox yaxşı keçirdik”.
Qeyd edək ki, bu gün “Azərsun Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçının start fiti saat 18:00-da səsləndiriləcək.