2024-cü ildə keçiriləcək Avropa çempionatının final məhhələsində iştirak edəcək 7 milli komanda müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turnirin ev sahibi Almaniya ilə yanaşı, Fransa, Belçika, Portuqaliya, Türkiyə, Şotlandiya və İspaniya komandaları da Avroya vəsiqəni erkən təmin ediblər.
Son olaraq ötən gecə Latviya üzərində 4:0 hesabı ilə qələbə qazanan Türkiyə və A qrupunun iki komandası - Norveçi səfərdə 1:0 məğlub edən İspaniya ilə bu turda oynamayan Şotlandiya qitə turnirinə vəsiqəni təmin edib.
Bu gün daha 2 iştirakçı bəlli ola bilər. Azərbaycan millisinin qonağı olacaq Avstriya Bakıda qələbə qazanarsa, qrupun lideri Belçikadan sonra final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək. B qrupunda isə Yunanıstan hədəfinə çata bilər. Bunun üçün yunanlar doğma arenada Niderlandı minimum 4 top fərqi ilə məğlub etməlidirlər.
2024-cü il Avropa çempionatı 2024-cü ilin yayında Almaniyada keçiriləcək. Qitənin 24 ən güclüsünün iştirak edəcəyi turnirin açılış matçı iyunun 14-də, finalı isə iyulun 14-də baş tutacaq.
Mirağa