"Kəpəz"in sabiq məşqçisi, veteran futbolçu Vidadi Rzayev Gəncə klubunda ötən mövsüm baş verən bəzi hadisələrin üstünü açıb. O, klubda aidiyyatı olmayan şəxslərin (mətbuat sözçüsü, mühafizə xidmətinin rəhbəri, əvəzedici komandanın baş məşqçisi) rəhbərlikdən sabiq baş məşqçi Tərlan Əhmədovun istefasını tələb etməsini xüsusi vurğulayıb.
"Kəpəz" klubu Fanat.Az-ın sorğusuna cavab olaraq Rzayevə cavab reaksiyası bildirib:
"Ötən mövsüm baş verənlərə yenidən qayıtmaq düzgün olmazdı. Vidadi Rzayev klub rəhbərliyi ilə baş məşqci arasinda keçirilən iclaslarda iştirak etməyib. Komandada işləyən məşqçilərə birmənalı olaraq dəstək ifadə olunub. Klub rəhbərliyi tərəfindən daim baş məşqçiyə dəstək verilməsi istənilib".
Qeyd edək ki, uğursuz nəticələrdən narazı olan azarkeşlər və bir qrup veteran klub rəhbərliyini istefaya səsləyir. Bunun üçün oktyabrın 15-nə qədər möhlət verən tərəfdarlar bundan sonra davamlı təzyiq göstərəcəklərini bildiriblər.
Mirağa