Futbol üzrə Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Matç asan keçmədi. Rəqibin nəyə qadir olduğunu bilirdik. Azərbaycan seçməsini analiz etmişdik. Ancaq qələbəyə köklənmişdik. Buna da nail olduq".
Ranqnik oyunçuların qələbədən sonra mahnı oxuduğunu söyləyib: "Öz üzərimizdə işləməli və daha da irəli getməliyik. Kollektivdə hər şey yaxşıdır. Futbolçular bir-birilərini başa düşürlər".
Baş məşqçi meydanda mübahisələrin normal olduğunu bildirib: "Biz bunu dəfələrlə görmüşük. Oyunçular bəzən özlərindən çıxırlar".
Almaniyalı mütəxəssis Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ölkəsinin “Bayer” klubu önündə şanslarını da dəyərləndirib:
“Qarabağ”la maraqlanırıq. Avstriyada da Azərbaycan klubları izlənilir, “Qarabağ” tanınır. “Bayer” indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələri var. Xal alıb-almayacaqlarını zaman göstərəcək”.