Kartepedə yerləşən "Green Park" otelində məskunlaşan "Simurq" hazırlıqlarını plana uyğun davam etdirməkdədir. Dünən ilk yoldaşlıq görüşünü keçirdən "Simurq", bu gün bir məşqə çıxıb. Səhər hazırlığı əvvəlcə fitness zalda başlayıb. Bir saat fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşq edən Zaqatala təmsilçisi, daha sonra otelin meydançasına yollanıb. Uzun məsafəli qaçışdan və isinmə hərəkətlərindən sonra iki qrupa bölünüb. Dünənki matçda 90 dəqiqə oynamış futbolçular "kvadrat"la məşqi tamamlayıb. Digərləri isə baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında taktiki ve texniki tapşırıqlar üzərində çalışıb. Sonda isə qapıya zərbələr yerinə yetirilib. Bununla bu günlük hazırlıq tamamlanıb və məşqçilər korpusu yetirmələrinə istirahət verib.
Xəbər verdiyimiz kimi komandanın düşərgəsində üç futbolçu baxışda idi. Artıq onlardan biri haqqında qərar verilib. Müdafiəçi Migel Daçelet "sarı-qaralar"ın düşərgəsindən ayrılıb. Belçikanın U-21 yığmasında da forma geyinən futbolçunun son klubu "Lers" olub.
İdman24.az