"Qarabağ"ın UEFA Avropa Liqasının qrupundakı rəqiblərindən olan "Bayer Leverkuzen" Bundesliqada yeni klub rekordu müəyyənləşdirib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 9-cu turda səfərdə “Frayburq”u 2:1 hesabı ilə məğlub edən çempionatın lideri vurduğu qolların sayını 27-yə çatdırıb.
Orta hesabla hər matçda üç qola imza atan leverkuzenlilər 27 illik məhsuldarlıq rekordunu yeniləyib.
"Bayer" ilk 9 turda ən yaxşı halda 24 qol vurmuşdu ki, bu da 1996/1997 mövsümündə baş vermişdi. Maraqlıdır ki, həmin mövsümdə çempion "Bayern Münhen" olub, "Bayer" isə iki xal geri qalaraq tituldan məhrum olub.
Bundesliqanın növbəti turunda “Bayer” noyabrın 4-də səfərdə “Hoffenhaym”la qarşılaşacaq.
Qeyd edək ki, "Bayer" ötən həftə qrup matçında "Qarabağ"ı 5:1 hesabı ilə məğlub edib. Tərəflər ikinci görüşünü noyabrın 9-da keçirəcəklər.
Mirağa