Misli Premyer Liqasının 11-ci turunda nщminal ev sahibi kimi çıxış edən "Araz Naxçıvan" son çempion "Qarabağ" ilə qarşılaşıb. Görüş muxtar respublika təmsilçisinin 2:1 qələbəsi ilə yekunlaşıb.
"Qırmızı-ağlar"ın cinah müdafiəçisi Turan Manafov Fanat.Az-a açıqlamasında "köhlən atlar"la görüş barədə təəssüratlarını bölüşüb:
"Qarabağ"a qarşı oynamaq həqiqətən çətindir. Çünki keyfiyyətli oyunçuları olan komandadır. Hazırda Azərbaycanda ən çox sevilən, dəst-xətti olan komandadır. Həmişə çətin qələbələr daha şirin olur. Komanda yoldaşlarım sona qədər döyüşdülər. Baxmadıq ki, qarşımızdakı adlı-sanlı "Qarabağ"dır. "Qarabağ" əvvəlki illərdə daha üstün futbol oynayırdı. Yeni oyunçular cəlb olunub deyə, nisbətən zəif çıxış edir. Bununla belə, yenə səviyyəli və Azərbaycan klublarından fərqlənən komandadır.
"Bayer Leverkuzen"lə oyundan 4 gün sonra bizimlə qarşılaşmağın onlar üçün çətin olacağını da bilirdik. Birinci oyunda son dəqiqələrdə künc ötürməsindən qol vurub qalib gəlmişdilər. Həmin oyundan fərqli olaraq, daha keyfiyyətli futbol sərgiləyirik. Futbolçular indi bir-birinə daha yaxşı uyğunlaşıblar. "Qarabağ"la ilk görüşümüzdəki ssenarinin təkrarlanmasını istəmirdik. Qələbə qazanacağımıza inanırdıq. Komanda milli fasilələrdən sonra daha yaxşı oyun göstərir.
Qələbəni azarkeşlərimizə həsr edirik. Bu qələbəyə görə bütün azarkeşləri, məşqçi korpusunu və rəhbərliyi təbrik edirəm".
Nahid Məmmədov