"Bayern Münhen"in hücumçusu Tomas Müller Almaniya çempionatının dünənki Dortmund "Borussiya"sı ilə matçda (4:0) komanda yoldaşı Harri Keynin het-triki etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, klubun əfsanəvi oyunçusu bu barədə "Bayern & Germany" sosial şəbəkəsində zarafatyana paylaşım edib:
"Tezliklə Keynin başqa bir otel otağına ehtiyacı olacaq".
Məsələ burasındadır ki, Keyn qol vurduğu hər oyundan sonra futbol topunu özü ilə aparır. Müller ingilis futbolçunun qaldığı otaqda toplara yer olmayacağına işarə vurub.
Harri Münhen nəhənginə keçən yay London "Tottenhem"indən qoşulub. O, "Bayern"in heyətində 14 matçda iştirak edib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa