Birinci Liqada çıxış edən "Karvan" klubu yeni bazanın tikintisini tamamlanmaq üzrədir.
Yevlax təmsilçisinin vitse-prezidenti Bəhruz Musayevin Fanat.Az-a verdiyi məlumata görə, gələn ilin yayına qədər hazır olacaq:
"Bazanın inşasına bu ilin may ayından başlanıb. İki mərtəbədən ibarət binanın daxilində elektrik, montaj, suvaq işləri yekunlaşmaq üzrədir. Hazırda fasad hissəsinə keramoqranit vurulur ki, onun da qısa zamanda tamamlanması planlaşdırılır. Tikintidə işlərin 50 faizi demək olar ki, görülüb. Təbii, yeni bazanın nə vaxt hazır olacağı tarix böyük maraqla gözlənilir. İş icraçısının sözlərinə görə, işlərin 2024-cü ilin may ayına qədər istifadəyə verilməsi planlaşdırılır. Birinci mərtəbədə “Karvan” komandasının futbolçularının qalması üçün yataq otaqları və yeməkxana nəzərdə tutulub. İkinci mərtəbədə isə iş, qonaq otaqları, konfrans zalı eyni zamanda ofis fəaliyyət göstərəcək".
Qeyd edək ki, Birinci Liqanın 8 turundan sonra "Karvan" 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Nahid Məmmədov