Birinci Liqanın debütantı "Araz Saatlı"nın qeyri-sabit çıxışı gündəmdə olan mövzulardandır. İlk 4 turda alınan ağır yenilgilərin ardından baş məşqçi postunda Şəhriyar Məmədovu əvəzləyən Rüfət Quliyevlə əlaqə saxlayıb "pambıqçılar"ı vəziyyətdən çıxarmaqla bağlı planları barədə soruşduq.
Quliyevin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Məğlubiyyətlər futbolun qaçılmaz bir hissəsidir. Peşəkar liqada ilk addımlıarını atan komanda hazırlıq mərhələsində düzgün işlər aparılmadığına görə belə vəziyyətdədir. Güman edirəm ki, məğlubiyyətlər bitəcək. Mən bu komandaya qoşulduqdan sonra dəyişikliklər etmək məcburiyyətindəyəm və edəcəm. Özünüz də oyun baxmından dəyişikliyi görəcəksiz. Əlimizdəki futbolçularla yola davam edəcəyik. Mən bütün uğursuzluqları oyunçuların üstünə atmaq istəmirəm. Amma meydanda futbolu oynayan futbolçulardır. Ona görə onlardan çox şey asılıdır. Hər kəs öz üzərində daha çox işləməlidir. Bunun üçün vaxt lazımdır. Təəssüf ki, zaman yoxdur. Yaranan fasilələr bizim xeyrimizədir. Gələcəkdə dəyişikliklər olacaq. Heyəti gücləndirmək baxmından axtarışlarımızı davam etdirirk. Bəzi futbolçularla şifahi formada danışıqlar aparılır. Güman edirəm ki, yaxın gələcəkdə komanda daha da güclənəcək. Son matçda turnir cədvəlinin liderinə uduzduq. Gənclər pis çıxış etmədilər. Hücumda və müdafiədə səhvlər buraxdıq. Ümidvaram ki, Saatlı camaatı komandaları ilə qürur duyacaq və dəstəklərini əsirgəməyəcəklər".
Nahid Məmmədov