"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel hansı qapıçının Almaniya yığmasında əsas qolkiper funksiyasını yerinə yetirməli olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Kicker" Tuxelin sözlərini belə çatdırıb:
"Məncə, Manuel Noyer indiki kimi davam etsə, mayda və ya iyunda bu məsələyə aydınlıq gələcək. Manu həmin vaxt əvvəlki formasında olsa, millidəki yerini alacaq".
Xatırladaq ki, Noyer 2022-ci ilin dekabrında dağda xizək sürərkən ayağını sındırmışdı. Ağır xəsarət üzündən ötən mövsümü boşa verən "Bayern"in qolkiperi bir müddət öncə Almaniya nəhənginin sıralarına dönüb. 37 yaşlı futbolçu zədə problemini geridə qoyandan sonra klubunun 5 oyununda meydana çıxıb. Bu görüşlərdən ikisində rəqib futbolçuların qol vurmasına izn verməyən "çərçivə" qoruyucusu qalan 3 matçda 5 qola üzülüb.
Sözügedən qolkiper Almaniya yığmasında 2009-cu ildən forma geyinir. Bundestimin heyətində 117 oyuna çıxan təcrübəli qolkiper 113 top buraxıb. O, 48 qarşılaşmada qapısının toxunulmazlığını təmin edib.
Nihat