"Tottenhem"in sabiq hücumçusu Fernando Lyorente İngiltərə klubunda komanda yoldaşı olmuş Harri Keyndən danışıb.
Fanat.Az xəbər verir ki, AS Lyorentenin dediklərini belə çatdırıb:
"Harri Keyn fenomendir. Ola bilsin ki, "Real Madrid" onu yaşı çox olduğu üçün baha qiymətə almaq istəmədi. Ancaq onun "Bayern Münhen"də adından söz etdirəcəyi ilə bağlı heç bir şübhəm yox idi. Çünki Keynin oyununu komanda yoldaşı kimi görmüşəm və nəyə qadir olduğunu bilirəm. O, "Real" üçün ideal hücumçu idi.
Harrinin hər şeyi xoşuma gəlir. Düşünürəm ki, o, heyrətamiz hücumçudur. "Tottenhem"də het-trikləri elə asanlıqla sıralayırdı ki, sanki şirniyyatçı kökə bişirir. O, arxası qapıya çox yaxşı oynayır. İstənilən oyunda, hətta müdafiəçilər keçilməz göründüyü qarşılaşmalarda belə, rəqib qapılarına mükəmməl zərbələr endirməyə fürsət tapır. Keyn qatildir. "Bayern" onu heyətinə qatmaqla çox düzgün iş gördü. O, komanda yoldaşım olmuş ən yaxşı "doqquz nömrə"dir".
Nihat