"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin qışda Rusiya klubundan ayrılması gündəmdədir.
Fanat.Az xəbər verir ki, futbolçunun agenti Helsio Alisk "RB Sport"a açıqlamasında "sambaçı"nın hansı kluba keçəcəyini deməsə də, onun iş yerini dəyişəcəyini istisna etməyib.
Belədə, Rusiya təmsilçisinə "Qarabağ"dan transfer olunan "sambaçı"nın Azərbaycan klubuna dönmək perspektivi yada düşür. Məsələ ilə bağlı "köhlən atlar"ın baş direktoru Əmrah Çəlikəlin fikirlərini öyrəndik:
"Kadinin qışda "Qarabağ"a qaytmayacaq. Əlbəttə, çox yaxşı futbolçudur. Burada olduğu dönəmdə komandaya faydası dəyib. Ancaq onu transfer etməyi planlaşdırmırıq".
Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi "Krasnodar"a bu ilin yanvarında “Qarabağ”dan keçib. 27 yaşlı oyunçu "öküzlər"in heyətində 32 oyun keçirib və görüşlərdə 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" Kadinin dəyərini 3,5 milyon avro qiymətləndirir.
Nihat