"Liverpul"un sabiq müdafiəçisi, hazırda "Sky Sports"un eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager "Mançester Yunayted"in qapıçısı Andre Onananın performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "The Telegraph" onun dediklərini belə çatdırıb:
"Ola bilsin ki, Onana hələ də baş məşqçi Erik ten Haqın dəstəyindən istifadə edir, amma zaman onun xeyrinə işləmir. "Mançester Yunayted" üçün qapıçının adi vəziyyətlərdə bu qədər səhvlə yadda qalması yolverilməzdir. Belə vəziyyət nə qədər uzansa, kamerunlu qolkiperin durumu o qədər mürəkkəbləşəcək. Qapıçı amili çox önəmli məsələdir. Nəhəng klublardakı böyük qapıçılar məğlubiyyətləri heç-heçələrə, heç-heçələri isə çətin qələbələrə çevirirlər. Təəssüf ki, Onana qələbələri heç-heçələrə, heç-heçələri isə məğlubiyyətə çevirir. Hə, indi MY-nin qapıçısısansa, işin daha çox olur. Amma problem budur ki, Onananın az qala hər müdaxiləsi növbəti səhv kimi yadda qalır".
Nihat