"Kəpəz" Premyer Liqanın 15-ci turunda "Sabah"a məğlub oldu. Baxmayaraq ki, gəncəlilər 0:2 uduzduqları oyunda heç də pis təsir bağışlamadılar. Adil Şükürov komandanı meydana çıxardığı 2-ci oyunda heyətdə bəzi dəyişiklik etmişdi. Xüsusilə Elnur Cəfərovun sona qədər ehtiyatda qalması sual doğurdu.
Yarımmüdafiəçi matçdan sonra Fanat.Az-a açıqlamasında bu və digər məqamlara aydınlıq gətirib.
- İlk öncə oyunla bağlı fikirlərini öyrənmək istəyirik.
- Fikrimcə, komandamız yaxşı oynadı. Qol imkanlarımız oldu. "Sabah"ın qolundan əvvəlki epizodlardan istifadə edə bilsəydik, oyun başqa cür olacaqdı. Futbolun belə yazılmamış qanunu var ki, vura bilməyənə vurarlar. Biz istifadə edib yararlana bilmədik, əvəzində isə "Sabah" istədiyi qolu vurdu. Bundan sonra psixoloji üstünlük onların tərəfinə keçdi. Hesabı bərabərləşdirmək istərkən qapımızda ikinci qolu gördük. Nə qədər yaxşı oynasaq, qolu vura bilməyəndən sonra istər-istəməz komanda da özünü toparlaya bilmir.
- Bu mövsüm ilk dəfə meydana çıxmadın. Səbəbi nədir? Ümumiyyətlə, "Kəpəz"də öz oynunu necə dəyərləndirirsən ?
- Ciddi səbəb yoxdur, məşqçinin qərarı idi. Hardasa 3 ilə yaxın idi ki, divizionda oynayırdım, premyer-liqadan uzaq düşmüşdüm. Belədə nə qədər də çox oynasam da, hələ də praktika və tempə öyrəşə bilməmək öz sözünü deyirdi. Yəni əvvəlki kimi oynaya bilməməyimin səbəbi bu müddət ərzində geri düşməyim idi. Amma bu mövsüm bü gün istisna olmaqla, bütün oyunlarda meydanda olmuşam. Həm də 14 oyunun 11-də start heyətində yer almışam. Tədricən özümə inam gəlir və bunun bəhrəsini ikinci dövrədə görəcəksiz.
- Ötən ay "Kəpəz"də baş məşqçi dəyişikliyi oldu. Azər Məmmədovu Adil Şükürov əvəz etdi. Bu dəyişiklik sizə necə təsir göstərir? İki məşqçinin dəsti-xəttində nə kimi dəyişiklik var?
- Azər müəllim komandanı hardasa yenidən yığmışdı. İnsafən, yaxşı oyunlarımız da oldu. İddialıların demək olar hamısından xal ala bilmişdik. Bəzən ilk dəqiqələrdə buraxdığımız qol, bəzən də qapıçının səhvi üst-üstə gələrək nəticə verə bilməməyinizə səbəb oldu. Azər müəllimi çox istəyirdik. Onun istefası bizim üçün də gözlənilməz oldu. Amma işin yaxşı tərəfi odur ki, Azər müəllimin yerinə əcnəbi yox, yerli məşqçi gəldi. Adil müəllimin də öz oyun fəlsəfəsi var. Fikrimcə, bir az vaxt lazımdır. Zamanla Adil müəllimin oyun fəlsəfəsini qüsursuz icra edəcəyik. Komandanın içindəyəm deyə, bu oyun fəlsəfəsinin detallarını açıqlaya bilmirəm. Amma hər iki məşqçinin fərqli dəst-xətti var.
Mirağa