"Sumqayıt" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi əsas diqqətini iki futbolçuya yönəldib.
Bunlardan biri Tərzin Canahgirovdu. Baş məşqçi Aqil Məmmədov qış fasiləsindən sonra icarə əsasında "Sumqayıt"da çıxış edən "Qəbələ"nin futbolçusunu komandada saxlamaq istəyir. Artıq bununla bağlı bölgə klubuna müraciət olunub. "Qəbələ" rəhbərliyi yekun qərar üçün yeni baş məşqçinin təyinatını gözləsə də, Tərzinin yenidən "Sumqayıt"da oynamasına qarşı deyil. Onsuz da gənc futbolçu güclü rəqabətin olduğu komandada əsas heyətə düşə bilməyəcək. İndiki halda ən yaxşı variant onun "Sumqayıt"da təcrübə toplamasıdı.
Digər futbolçu isə Orxan Əliyevdi. Qışda Mustafa Dənizlinin istəyi ilə "Xəzər Lənkəran"a transfer olunan gənc futbolçu əsas heyətdə özünə yer edə bilmədi. Yeni baş məşqçi Oğuz Çətin də Əliyevə əsas heyət oyunçu gözü ilə baxmır. Bu səbəbdən "Xəzər Lənkəran" özü də bu futbolçunu "Sumqayıt"a icarəyə verməyə razıdı.
Qeyd edək ki, Orxan "Xəzər Lənkəran"ın əsas heyətində debüt edə bilməyib. Tərzin isə "Sumqayıt"da keçirdiyi 18 oyunda 1585 dəqiqə oynayıb və bir qol vurub.
"Sumqayıt" bundan əvvəl "Simurq"dan Ruslan Poladovu, "Rəvan"dan Ramazan Abbasovu və bir müddətdi işsiz olan Aqil Nəbiyevi heyətinə qatıb.
Fanat.az