“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Tural Bayramlı klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, Misli Premyer Liqasının 16-cı turunda reallaşan qarşılaşmanı - "Zirə" ilə görüşü (0:0) dəyərləndirən 25 yaşlı futbolçu bu tur "Sabah"a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb:
“Son turlarda çətin matçlar keçiririk. “Zirə” də əbəs yerə liderlər qrupunda qərarlaşmayıb. Düzdür, onların üst pillələrdə yer almaları oyundan öncə bizdə hansısa narahatlıq yaratmamışdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, meydana verilən tapşırıqları yerinə yetirmək üçün çıxırıq. Hədəfimiz isə, rəqibin kimliyindən asılı olmayaraq, 3 xal qazanmaqdır. Komandamız liqanın yeni üzvü olsa da, çıxışımızı bu şəkildə davam etdirsək, həm rəqiblərimizə hər zaman başağrı olacağıq, həm də xal ehtiyatımızı artıracağıq”.
Bayramlı "bayquşlar" üzərində qələbə qazanmaq istədiklərini dedyib: “Sabah" son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, bu komanda mövsümün əvvəlindən medallara iddialı hesab olunur. Premyer Liqanın güclü klublarından biridir. Biz də bu görüşə yaxşı hazırlaşırıq. Hava yağışlı keçsə də, məşqlərimizi axsatmamağa çalışırıq. Gərgin və maraqlı oyun olacaq. Yaxşı nəticə qazanmaq üçün mübarizəmizi davam etdirəcəyik. Mövsümün ilk yarısını üst pillələrdə bitirmək istəyirik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu dekabrın 15-də “Dalğa Arena”da keçiriləcək.