Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın baş məşqçisi Stiven Cerrard rəqib komandanın - "Əl-Əhli"nin futbolçusunun azarkeşi olduğunu deyib.
Fanat.Az xəbər verir ki, britaniyalı jurnalist Ben Ceykobs Cerrardın sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Qarşıdakı transfer pəncərəsi dönəmində güclənməliyik. Heyətə ən yaxşı oyunçuları cəlb etməliyik. Bunu mümkün qədər tez etməliyik. Çünki söhbət bir və ya iki mövqeyi gücləndirmək hədəfindən getmir.
Əlbəttə, Firminonu yaxşı tanıyıram və onun böyük azarkeşiyəm. Hazırda Firmino "Əl-Əhli"nin futbolçusudur. Ona görə də indi mənim üçün konkret adlar çəkmək çətindir. Ancaq bunu deyə bilərəm ki, komandanın inkişafı üçün yeni oyunçularla müqavilə bağlamaq istəyirik".
Daha öncə "Əl-Əhli"nin Firminonu digər Səudiyyə Ərəbistanı klubuna icarəyə vermək variantını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.