"Nyukasl"ın baş məşqçisi Eddi Hau komandasının İngiltərə Liqa Kubokunun 1/4 finalında "Çelsi"yə uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Bu, çox üzücü sonluqdur. PSJ ilə oyunda da oxşar hisslər yaşamışdım. Uşaqlar çox güc sərf etdilər, uzun müddət hesabda öndə idik...
Fasiləyədək qol vurduq, təhlükəli hücumlar qurduq. Ola bilsin ki, ikinci hissədə texniki cəhətdən çox da yaxşı görünmürdük. Hə, fasilədən sonra hücumlarımızın kəsəri azalsa da, yaxşı müdafiə olunurduq.
Moyses Kaysedo oyunun əvvəlində qovulmalı idi. Mən də başqaları ilə həmrəyəm, o epizoda görə Kaysedoya qırmızı vərəqə düşürdü".
Qeyd edək ki, "Çelsi" - "Nyukasl" qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Oyunsonrası penaltiləri dəqiq yerinə yetirən "zadəganlar" (4:2) adını yarımfinala yazdırıb.