Cari mövsüm ümidləri doğrultmayan "Çelsi"nin idarəçiləri vəziyyəti düzəltmək üçün yeni idman direktoru tapıblar.
Fanat.Az "Estadio Deportivo"ya istinadən xəbər verir ki, bu, hazırda "Betis"də çalışan Ramon Planesdir.
Xəbərə görə, Planes "zadəganlar"ın argentinalı baş məşqçisi Maurisio Poçettinonun dostudur. Mənbə sözügedən mütəxəssisin xidmətində Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın da maraqlı olduğunu və ona yüksək maaş fonunda 3 illik müqavilə təklif etməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, bu ilin mayından "Betis"də işləyən Planesin Sevilya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, daha öncə "Tottenhem", "Espanyol", "Elçe", "Rayo Valyekano" və "Barselona" kimi klublarda da analoji postu tutub.