“Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycan çempionatını Rusiya Premyer Liqası ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "RB Sport"a danışan qolkiper "köhlən atlar"ın Rusiya çempionatında yüksək yerlər uğrunda mübarizə apara biləcəyini deyib.
“Doğrudur, Rusiya Premyer Liqasında azarkeşlik baxımından atmosfer yüksəkdir. Oyun keyfiyyətinə görə isə bu iki liqanı müqayisə etmək çətindir. Yalnız onu deyə bilərəm ki, “Qarabağ” Rusiyada liderlərdən biri olar və yüksək yerlər uğrunda mübarizə apara bilər. Komandaya qoşulanda mənə dedilər ki, əsl futbol avrokuboklarda olacaq. Amma eyni zamanda yerli çempionat da məni xoş təəccübləndirdi. Liqada bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. Çempionatın səviyyəsi yüksəlir və düzgün münasibət olmasa, istənilən rəqiblə çətin olur”.
Qeyd edək ki, bu mövsüm "Qarabağ"ın heyətində 15 oyun keçirən rusiyalı qolkiper 14 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" Lunyovu 1 milyon avro dəyərində qiymətləndirir. Onun "Qarabağ"la 2024-cü ilin 30 iyununa qədər müddətə müqaviləsi var.
Mirağa