Mustafa Dənizlini Oğuz Çətinlə əvəzləyən "Xəzər Lənkəran" hələlik transfer bazarının ən passiv komandasıdı. Susqunluğunu pozmağa tələsməyən Lənkəran klubu hələ heç bir futbolçunu heyətinə qatmayıb. Yalnız "Sumqayıt"la icarə müqaviləsi başa çatan Uğur Pamuk geri dönüb ki, onun da gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Əvəzində Deyvid Sakkoni, Alvaro Silva, Slavik Alxasov, Nikola Qliqorov komandanı tərk edib, Zohair Benuahi və Adrian Pitin də gedəcəyi dəqiqləşib.
Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"da vəziyyət heç də göründüyü kimi deyil. Belə ki, Lənkəran klubu transfer çalışmalarını bütün sürəti ilə davam etdirir. Hazırda həm yerli, xarici bazardan komandaya qoşulması planlaşdırılan futbolçularla danışıqlar aparılır. Bu siyahıda yerli futbolçulardan Rəşad Sadiqov, Vaqif Cavadov, Rauf Əliyev, Əfran İsmayılov və digərləri var. Rəşad Sadiqovun transferi artıq həll olunub. Vaqif Cavadovla da razılıq əldə olunmaq üzrədi.
Fanat.az-a məlumat verən mənbənin sözlərinə görə, "Xəzər Lənkəran" yeni transferlərini birdən açıqlamaq niyyətindədi. Yəni bir neçə transfer qısa fasilələrlə elan olunacaq. Bu səbəbdən də azarkeşlər daha bir neçə gün səbr etməlidi.
Fanat.az