“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Misli Premyer Liqasının XVIII turuna təsadüf edən “Zirə” ilə matçdan sonra istirahətə buraxılan komanda bu gün Bakıda bir araya gələcək.
Axşam saatlarında 1 məşqlə kifayətlənəcək ağdamlılar qış hazırlığını proqrama uyğun şəkildə Bakıda davam etdirəcəklər.
Hazırlıq çərçivəsində bir yoxlama görüşü nəzərdə tutulub. “Köhlən atlar” yanvarın 15-də “Zirə” ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkəcək.