Cari mövsümün ilk yarısını sonuncu pillədə başa vuran "Qəbələ”də Üvi İsgəndərovun da çıxışı yolunda getmir. Ötən illərdə "növbətçi qolçu" statusunu uğurla icra edən forvard bu mövsüm daha çox oynamaq şansı qazansa da, komandasına lazımi qədər kömək edə bilmir.
26 yaşlı hücumçu Fanat.Az-a müsahibəsində bu və digər sualları cavablandırıb.
- Öncə mövsümün ilk yarısı ilə bağlı fikilərini bilmək istərdik.
- Mövsümün ilk yarısı bizim üçün bir az uğursuz alındı. Gedən oyunçular, yeni gələnlərin uyğunlaşması bir qədər vaxt aldı deyə, arzulanan şəkildə çıxış edə bilmədik. Mövsümün ikinci yarısında daha yaxşı oynamaq, yaxşı nəticələr göstərmək istəyirik.
- Meydana əvəzetmədən çıxanda daha çox faydalı olursan. Bu nədən irəli gəlir?
- Özümə də xoşdur ki, qol vurub komandama kömək edirəm. Mənim üçün fərqi yoxdur, istər sonradan, istərsə də start heyətində meydana çıxım, çalışıram ki, komandama maksimum faydalı olum.
- Mövsümün ilk yarısında istənilən məhsuldarlığı göstərmədin. Həmçinin, komanda yoldaşlarının və azarkeşlərin ümidini doğrultmadın. Problem nədən qaynaqlanır?
- Komanda şəklində bir olub, yaxşı nəticə üçün çalışmalıyıq. Bir olsaq, bir-birimizə güvənsək, daha yaxşı nəticə verəcəyik.
- Belə çıxır ki, geridə qalan 18 turda kollektivdə arzulanan birlik yox idi?
- Biriydik, amma bir-birimizə daha yaxşı öyrəşməliyik.
- Düşərgədə legionerlərlə yerli futbolçular arasında fikir ayrılığı var?
- Xeyr, heç bir fikir ayrılığı yoxdur. Hamı mehribandır.
- Mövsümün əvvəlində ağlına gələrdi ki, qış fasiləsinə sonuncu pillədə yollanacaqsız?
- Xeyr, heç vaxt bu barədə düşünməmişəm. Yenə təkrarlayıram, komandada çox dəyişiklik oldu və bu da nəticədə əks olundu.
Nahid Məmmədov