Birinci Liqa təmsilçisi "Karvan"ın sabiq futbolçusu Ruslan Voronsov dekabr ayının əməkhaqqını ala bilmədiyi üçün Yevlax təmsilçisi ilə problemlər yaşayır.
Sözügedən hücumçu bu barədə Fanat.Az-a özü məlumat verib:
"Bütün futbolçuların dekabr maaşı ödənildiyi halda, mən almamışam. Maaşdan əlavə, vergi ödənişini də ala bilmirəm. Vergi ödənişi odur ki, futbolçu 1000 manat maaş alırsa, əlavə hesabına 150 manat vergisini ödəmək üçün pul köçürülür. İki ayın vergi borcunu ala bilmirəm ki, vergimi ödəyə bilim. Konkret olaraq, bir ayın maaşını və iki ayın vergi ödənişini almalıyam. Bir söz deyən kimi də aldığım qırmızı vərəqəni göstərirlər. Deyirlər ki, cəriməm olan 300 manat maaşdan çıxılacaq. Mən anlaya bilmirəm ki, onlar kimdir ki, həmin pulu maaşımdan tutmaq istəyirlər ? Onsuz da gələn mövsümdən hansı komanda ilə Birinci Liqada çıxış etsəm, cəriməni ya klubum, ya da özüm ödəyəcəm. Bu cərimənin "Karvan"a heç bir aidiyyatı yoxdur. On gündür ki, haqqım olan ödənişləri tələb edirəm. Klubun vitse-prezidenti Bəhruz müəllimə deyirəm ki, bu məsələ ilə bağlı AFFA-ya şikayət edəcəm. Mənə deyir ki, bir sən qalmışdın bizdən şikayət etməyən, şikayət elə də. Biz hansı zamanda yaşayırıq ki, futbolçu haqqı olan maaşını ala bilmir?"
Qeyd edək ki, Ruslan qış transfer dönəmində İkinci Liqa təmsilçisi "Cəbrayıl" ilə müqavilə imzalayıb.
Nahid Məmmədov