"Karvan"ın vitse-prezidenti Bəhruz Musayev klubun sabiq forvardı Ruslan Voronsovun ödənişlərini ala bilməməsi ilə bağlı açıqlmasına münasibət bildirib.
Musayevin Fanat.Az-a açıqlaması belə oldu:
"Həmin futbolçunun əməkhaqqı və vergi ödənişi bu həftə ərzində həll ediləcək. Son oyunda qeyri-etik hərəkət etdiyi üçün ona pul cəriməsi tətbiq olundu. Komandanın intizam qaydaları var. Onun qeyd etdiyi kimi, həmin məbləğ gələn mövsüm klubu və ya özü tərəfindən ödənilə bilməz. Bu cəriməni klub olaraq biz ödəyirik. Klub olaraq da biz cərimə tətbiq etmişik ki, futbolçunun özü tərəfindən ödənilsin. Çünki Ruslan oyun ərzində ikinci "sarı"dan qırmızı vərəqə alsaydı, klub olaraq cəriməsini ödəyə bilərdik. Amma bildiyiniz kimi, o, inzitamsızlıq edərək bu cəzanı alıb. Bizdən ayrılan bütün futbolçular əməkhaqqını alıb. Ruslanın ödənişlərini qeyd etdiyim kimi, həftə ərzində ödəyəcəyik".
Ruslan qış fasiləsində "Karvan"dan ayrılaraq İkinci Liqa təmsilçisi "Cəbrayıl"la müqavilə bağlayıb. Sözügedən futbolçunun dünən saytımıza verdiyi açıqlama belə idi:
"Bütün futbolçuların dekabr maaşı ödənildiyi halda, mən almamışam. Maaşdan əlavə, vergi ödənişini də ala bilmirəm. Vergi ödənişi odur ki, futbolçu 1000 manat maaş alırsa, əlavə hesabına 150 manat vergisini ödəmək üçün pul köçürülür. İki ayın vergi borcunu ala bilmirəm ki, vergimi ödəyə bilim. Konkret olaraq, bir ayın maaşını və iki ayın vergi ödənişini almalıyam. Bir söz deyən kimi də aldığım qırmızı vərəqəni göstərirlər. Deyirlər ki, cəriməm olan 300 manat maaşdan çıxılacaq. Mən anlaya bilmirəm ki, onlar kimdir ki, həmin pulu maaşımdan tutmaq istəyirlər ? Onsuz da gələn mövsümdən hansı komanda ilə Birinci Liqada çıxış etsəm, cəriməni ya klubum, ya da özüm ödəyəcəm. Bu cərimənin "Karvan"a heç bir aidiyyatı yoxdur. On gündür ki, haqqım olan ödənişləri tələb edirəm. Klubun vitse-prezidenti Bəhruz müəllimə deyirəm ki, bu məsələ ilə bağlı AFFA-ya şikayət edəcəm. Mənə deyir ki, bir sən qalmışdın bizdən şikayət etməyən, şikayət elə də. Biz hansı zamanda yaşayırıq ki, futbolçu haqqı olan maaşını ala bilmir?"
Nahid Məmmədov