Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sabah" doğma meydanda "Qarabağ"la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb "bayquşlar"ın böyükhesablı məğlubiyyəti ilə bağlı fikirlərini öyrəndik.
Hüseynovun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" əsas heyəti ilə istənilən komandamıza nə zaman və nə qədər istəsə, qol vura bilər. Hazırda "Qarabağ"la ayaqlaşan klubumuz yoxdur. Bu, təbii ki, yaxşı hal deyil. Çünki çempionatımız maraqlı keçmir. Üçüncü dövrə bitdikdə çox güman Ağdam təmsilçisi çempionluğunu təmin edəcək. Məncə, "Qarabağ" bu il "qızıl dubl" etmək istəyir. "Sabah" qış fasiləsində ən yaxşı oyunçularından biri olan Aleksey İsayevi də "Qarabağ"a satdı. Bu komandanın nə istədiyini açığı bilmirəm. İstənilən klub Konfrans Liqasına vəsiqə qazanmaq istəyirsə, güclü futbolçulardan ibarət heyəti olmalıdır. "Sabah" isə əksinə, öz güclü futbolçularını satır. Düzdür, məncə, "Sabah" Konfrans Liqasında iştirak edə bilər. Onların 1:7 hesabı ilə məğlub olacağını gözləmirdim. Həddindən artıq zəif çıxış etdilər. "Sabah"a rəhbərlik tərəfindən necə lazımdırsa, maliyyə ayrılır. Bu komanda büdcə baxımından "Neftçi" və "Qarabağ"dan geri qalmır. Belə olan halda, rəhbərliyin nəticə gözləməsi doğrudur".
Xatırladaq ki, "Sabah" bu gün baş məşqçi Murad Musayevlə yolları ayırıb.
Nahid Məmmədov