Cümə axşamı "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa" ilə cavab oyununa çıxacaq. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb cütün taleyini həll edəcək ikinci görüş barədə fikirlərini öyrəndik.
"Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Şans həmişə var. Öz oyununu göstərəndə qalib gəlirsən. "Qarabağ" Portuqaliyada öz oyununu göstərdi və qələbə qazandı. Təəssüf ki, sonda qapımıza penalti təyin olundu. Top fərqi həmişə önəmlidir. Həm oyunçular, həm də məşqçi heyəti vəziyyəti başa düşür. Əsas oyun Braqada idi ki, həmin qarşılaşmanı da qalibiyyətlə tamamlamışıq. Rəqib Bakıda hücum futbolu oynayacaq. Buraxacağı boşluqlardan istifadə etməliyik. "Qarabağ"da əks-hücumlar zamanı qol vura biləcək oyunçular var. Hesab edirəm ki, "Qarabağ" bu mərhələni keçəcək".
Qeyd edək ki, Ağdam təmsilçisi Portuqaliyadakı matçdan 4:2 hesablı qələbə ilə dönüb.
Nahid Məmmədov