İstanbul nəhənginin skautları "Qarabağ"ın hücumçusu Juninyo üçün Bakıda olublar.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fotospor" yayıb.
Xəbərə görə, braziliyalı futbolçu ilə maraqlanan "Fənərbağça"nın nümayəndələri Avropa Liqasının pley-off mərhələsinin Bakıdakı cavab oyununu - təmsilçimizin "Braqa"nı mübarizədən kənarlaşdırdığı matçı izləyiblər.
Sözügedən klubun 27 yaşlı braziliyalı barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Juninyo 2023-cü ilin yayından "Qarabağ"ın uğurları üçün çalışır.
Xatırladaq ki, səfərdə "Braqa"ya qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Komanda bu raundda Almaniyanın "Bayer Leverkuzen" klubu ilə qarşılaşacaq.