"Xəzər Lənkəran"ın "Neftçi"yə qaytardığı Slavik Alxasovla bağlı qalmaqal davam edir. Yetirməsi olduğu klubda oynamaq istəmədiyini deyən 21 yaşlı müdafiəçi digər təklifləri nəzərdən keçirir.
Fanat.az xəbər verir ki, Alxasov hazırda "Simurq"la danışıqlar aparır. Tərəflər arasında tezliklə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, "Neftçi" qışda son 3 mövsümdə "Sumqayıt"a icarəyə verdiyi Alxasovun "Xəzər Lənkəran"a keçidinə icazə vermişdi. Həmin vaxt Lənkəran klubunun rəsmi saytı futbolçu ilə iki illik müqavilə bağladığını elan etmişdi. Bir müddət əvvəl isə "Xəzər Lənkəran" Slaviki yenidən "Neftçi"yə qaytardı. Paytaxt klubunun bununla bağlı rəsmi saytla yaydığı açıqlamada bildirilirdi ki, Alxasovun geri qayıtması ilə bağlı iki klub arasında razılıq əldə olunub. "Xəzər Lənkəran"dan "Neftçi"yə daxil olan məktuba əsasən futbolçunun transfer hüquqları tam şəkildə Bakı klubuna məxsusdu.
Amma müdafiəçi özü bütün bunları təkzib edir. "Neftçi" ilə heç bir bağlılığının olmadığını, azad agent olduğunu bildirir və paytaxt klubunda oynamayacağını iddia edir. Alxasov artıq problemin həlli üçün AFFA-ya müraciət edib. Bundan sonra isə FIFA-ya şikayət olunacaq.
Fanat.az