Rusiya “Krasnodar”ının sabiq baş məşqçisi Murad Musayev yenidən bu kluba qayıdaraq mövsümün sonuna kimi sözügedən komandaya rəhbərlik edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "RB Sport" məlumat yayıb.
Klub rəhbərliyi bu gün, martın 13-də Vladimir İviçi istefaya göndərib. Serb çalışdırıcının müqaviləsi 2024-cü il dekabrın 31-dək qüvvədə idi.
Mənbənin məlumatına görə, “Krasnodar”lılar Rusiya Premyer Liqasının 19-cu turunda “Rubin”lə baş tutan oyundan (1:1) sonra Musayevlə ilkin danışıqlar aparıb. Onun artıq Krasnodara gəldiyi və komandanı qəbul etməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, Murad Musayevin rəhbərliyi altında "Krasnodar" 2019 və 2020-ci illərdə iki dəfə bürünc medal qazanıb. Rusiyalı çalışdırıcının son iş yeri Bakı klubu “Sabah” olub.