Misli Premyer Liqasının 28-ci turunda "Kəpəz" Tofiq Bəhramov adına Respublika Stadionda "Qarabağ"ı qəbul etdi. Gəncəlilər darmadağına (1:6) məruz qalaraq, Ağdam təmsilçisinin sayca 11-ci çempionluğunu erkən bayram etməsinə əngəl ola bilmədilər.
Matçın ardından "sarı-göylər"in forvardı Amil Yunanov Fanat.Az-ın suallarını cavablandırdı:
- Oyun haqda nə deyə bilərsiz?
- Çox üzücü məğlubiyyətlə üzləşdik. İstəməzdik belə olsun.
- Cari mövsüm artıq ikinci dəfədir ki, komandanız "Qarabağ"a qarşı böyük hesablı məğlubiyyətlə üzləşir. Bunu nə ilə əlaqələndirirsiz?
- "Qarabağ" həqiqətən çox yaxşı komandadır. Avropa səviyyəsində olan klubdur. Üstəlik, onlar bu stadionda çox yaxşı oynayırlar. "Qarabağ" istənilən komandanı çempionatda belə hesabla məğlub edə bilər. Çalışdıq ki, yaxşı oynayaq.
- Hazırda "Kəpəz"in elitada qalmaq şanslarını necə dəyərləndirirsiz?
- Əsas rəqibimiz "Qəbələ"dən 11 xal öndəyik. Hələ 8 matçımız var. Bundan sonrakı 8 oyuna final kimi baxırıq. Çalışacağıq ki, çempionatda qalaq.
Nahid Ustaclı