Düşünürəm ki, kim nədən istəsə yaza bilər. Bir çox şeydə olduğu kimi, insan yazmaqda da azad olmalıdı. Yəni, sən bundan yazma, bu mənim sahəmdi, ordan yazma, Məmməd ancaq ondan yazır demək düzgün deyil. Belə olduğu halda heç inkişaf da olmaz. Bəlkə də gözləmədiyimiz adam elə bir mövzuda yazı yaza bilər ki, illərlə o sahədə yazandan dah yaxşı alınar. Amma bir məsələ var ki, yazar, jurnalist, yazmağa cəhd edən insan birincisi bildiyi mövzudan, ona yaxın söhbətdən yazsa, daha yaxşı olar. Bununla həm yazısı uğurlu olar, həm də özünü pis vəziyyətə qoymaz. Özünü biabır edib, gülüş hədəfinə çevirməz.
Fikir verdiniz, vermədiniz bilmirəm, amma futbol üzrə dünya çempionatı başlayandan günümüz qara gəlib. Yediyimiz, içdiyimiz burnumuzdan gəlib. Dincliyimiz yoxa çıxıb bu antifutbol təşkilatı üzvlərinin əlindən
Kimsə evdə uşağına acıqlanırsa, kimsə sevgilisindən ayrılırsa, kimsə məhkəmədə uduzursa, günahı dünya çempionatında görür. Özüdə nə hikmətdi bilmirəm, bu adamlar təkcə sosial şəbəkədə deyil, saytlarda da bununla bağlı palaz-palaz "tənqidi məqalələr" yazırlar. İmkanları olsa deyərlər ki, "gedib siz də Braziliyada futbola etiraz edən adamlara qoşulun".
Bu qədər giriş verməyimin səbəbi var. Günel Mövlud (bundan sonra müqəddəs ana da deyə bilərəm - E.X) "Azadlıq Radiosu"nda "Futbol Həyassızlığı" adlı yazı yazıb. Yazının birinci cümləsi belədi: "Mənə həmişə maraqlı gəlib və gəlir ki, necə ola bilər, 22 kişi saat yarım boyunca bir topu ora-bura qovalasın?" Futboldan tənqidi yazı yazan adamın belə cümləylə yazıya başlaması artıq onun yazısının hansı səviyyədə olduğunu göstərir. Yenə deyirəm, hər kəs futboldan yaza, FIFA-nı, UEFA-nı, AFFA-nı yıxıb-sürüyə bilər, amma normal faktlarla.
"Müqəddəs ana" deyir ki, niyə ciddi adamlar oturub futbola baxırlar. Bəs yaxşı niyə ciddi adam oturub sizin sevgi haqqında olan şeirləri oxumalıdı? Yəni səbəb nədi?
"Müqəddəs ana" daha sonra qeyd edir ki, Ronaldo ilinə 122 milyon pul qazanır. Bir futbolçunun bu qədər pul qazanması doğru deyil. Yenə hörmətli şairə xanım səhv edir. Ronaldo ilə 122 milyon deyil, 22 milyon qazanır. Ronaldonun hər il yüzlərlə körpəni əməliyyat etdirdiyindən, lağ elədiyimiz müsəlman ölkələrində məktəb tikdiyindən xəbəriniz varmı?
Daha sonra deyir ki, futbol əfsanəsi Maradona diktatorları dəstəkləyirmiş. Guya Maradonna da futbolçular arasında ən ağlı, beyni işləyən adamdı. Yenə növbəti yalan. Maradona dahi, əfsanəvi futbolçudu, bunu kimsə danmır, amma ağıllı, başı işləyən bir adam kimi dünyada qəbul edilməyib. Ən azı aylarla psixoloji xəstəxanada yatması, narkomaniyadan əziyyət çəkməsi, içkiyə qurşanması buna misaldı. Bir vaxtlar dünyanın ən yaxşısı olmuş məşhur futbolçu, mənim də kumirim olan Andrey Şevçenko son hadisələr zamanı demokratik düşərgəni dəstəklədiyi buna bariz nümunədi.
"Müqəddəs ana" bu cümləsiylə isə öz yazısını gülüş hədəfinə çevirir: "Futbola milyonlar xərcləyən ölkələrin sadə xalqının az və ya çox hissəsi kasıblıq, səfalət içində yaşayır". Onda belə çıxır ki, Almaniya, İngiltərə, İspaniya, Fransa, İtaliya, Belçika, Amerika acından ölür, ya da ölüb gediblər bizim xəbərimiz yoxdu.
Günel Mövlud daha sonra başlayır müsəlman ölkələrinin, xüsusi olaraq da neftlə zəngin ərəb ölkələrinin futbola dəhşət sərmaya yatırmasından yazmağa.
Ümumiyyətlə bilmədiyi mövzudan yazan, əsasları olmayan bir çox adamlar işləri düz gətirməyəndə başlayırlar müsəlman ölkələrini söhbətə qatmağa. Bir çox məsələdə bəlkə də bu uğurlu alına bilər. Amma futbol məsələsində çox uğursuzdu. Çünki müsəlman ölkələrinin bir-ikisini çıxmaq şərti ilə futbolla yaxından-uzaqdan əlaqəsi yoxdu. Futbol və müsəlman sözləri antonimdi. Digər bir məsələ də var ki, bu müsəlmanlar futbola da olmasa, gedib pullarını müğənniyə verəcəklər, ya da səhra ortasında suni qar yağdırmağa. Bunları futbola calayıb, arqument kimi gətirmək uğursuz cəhdi. 30 il bundan əvvəl də ərəb şeyxləri futbola bu qədər marağı olmayanda yenə pullarını başqa yerlərə xərcləyirdilər, indi də xərcləyirlər, bundan sonra da xərcləyəcəklər.
Daha sonra Günel Mövlud deyir: "Müsəlman ölkəsi Qətərə məxsus "Qətər Hava Yolları" "Barselona"nın formasındakı reklama görə kluba 30 milyondan çox pul verib. Bu pullu niyə başqa şeyə yatırmayıb?"...
Birincisi, bir şirkətin öz reklamına nə qədər pul verəcəyi müzakirə mövzusu deyil. İstəyərlər 30 milyon verələr, istəyərlər 3 milyon. Bəlkə də "Qətər Hava Yolları" bu reklamın sayəsəində 3-4 dəfə bundan artıq pul götürüb. İkincisi yazırsansa niyə "Samsung"un, "Simens"in, "Puma"nın, "Adidas"ın və başqa firmanın adını çəkmirsiniz? Yoxsa bu şirkətlərin futbola ayırdığı milyonlardan xəbəriniz yoxdu? Ya da Qətər müsəlman ölkəsi olduğu üçün başına şillə vurub, hara gəldi adını yazmaq olar? Futboldan ciddi yazı yazmaq istəyən adamın müsəlman ölkələrindən danışması adamı güldürür. Elə bil, dağ üstü xizəyin niyə Afrikada inkişaf etməməsindən danışırsan.
"Müqəddəs ana"nın bir fikiriylə razılaşmaq olar, oda Azərbaycan hökümətinin "Atletiko" oyunçularının maykalarına "Odlar Yurdu Azərbaycan" yazdırmaq üçün kluba 15 milyon ödəməsi məsələsinə. Bəli, bu pullar Azərbaycan xalqının pullarıdı, adi və gəlir gətirməyəcək bir yazıya bu qədər pul vermək xalqın cibinə girmək deməkdi. Amma gəlin baxaq, demokratik, inkişaf etmiş, etməkdə olan, öz yolunu tapıb gedən başqa ölkə belə bir şey edirmi? Yox, çünki xalq ondan hesab soracaqdı. Amma Azərbyacan hakimiyyəti indiyə kimi tək futbolamı bu qədər pul sovurub? Bəs Bakıya gətirilən dünyaca məşhur rəssamlar, aktyorlar, müğənnilər olmayıb? Bir gəlişinə milyonlar alanda bu adamlar niyə demirdiniz ki, incəsənət lazım deyil bizə?
Günel Mövlud son olaraq belə deyir: "Amma futbolçu elm adamından müqayisəyəgəlməz dərəcədə varlı yaşayırsa, yazıçıdan, şairdən çox tanınırsa, nəinki tanınmaq, futbolçu insanların qəhrəmanına çevrilirsə, bu, dünyanın, insanlığın mənəvi deqradasiyasıdı."
Birincisi, hər bir futbolçu, futbola gedən milyonçu olmur. Bunların da içərisində mindən biri irəli çıxır. Nəyinki futbolçular, heç digər idmanla məşğul olan adamlar hələlilik elm adamları qədər pul qaza bilməyiblər. Öz ağıllıyla, savadıyla pul qazanan adamlar içərisində dünyanın ən varlı insanı Bil Geytsin və mərhum Stiv Cobsun adını misal olaraq çəkmək olar. Bütün futbolçuların qazancı bir yerə yığılsa yenə də Bil Geytsin qazancını çata bilməz.
İkinci məsələ futbolçuların, yazarlardan, şairlərdən çox tanımasıdı. Viktor Hüqo bütün dünyada tanınır, Pele də. Nitşeni bütün bəşəriyyət tanıyır, Maradonnanı da. Kamyu da tanınır, Kristian Ronaldo da. Puşkin də tanınır, Lionel Messi də. Orxan Pamuk da tanınır, Arda Turan da. Dino Bussati də tanınır, Andrey Pirlo da, Paulo Koelyo da tanınır, Ronaldinyo da. İndi biz nə edək ki, Azərbaycan futbolçuları ilə, aqrar təfəkkürlü yazıçılarımız dünyada tanınmır? Günah bizdədirmi Günel Mövlud, sənin şeirlərini Berlində kimsə bilmir? Sən də bikarçılıqdan durub belə yazı yazırsan?
Günel Mövlud lap sonda deyir ki, siz heyranlıq duyub, dərdindən öldüyünüz futbolçuların vecinə deyilsiniz.
Guya ömrü boyu içən, ağzından spirt zavodunun iyi gələn, üstü tütün qoxuyan, şairlərin vecinəyik biz? Guya hansısa şair yazdığı kitabından gələn gəlirdən və başqa şeydən bir dəfə də olsun xeyriyyə aksiyası keçirib? Haçan bir şair kimsə kirayə pulunu verib? Bir az əziyyət çəkib axtarış versəniz görərsiniz ki, məhz söydüyünüz Ronaldo, Messi, Kaka, Arda, Bekhem, Balotelli hər il milyonlarla pul xərcləyib, xeyriyyə aksiyası keçirib.
Yaşadığın Almaniyanın ən çox vergi ödəyiciləri sırasında ilk gələni Kloze, Ballak, Şvaynştayger, Müller kimi futbolçulardı. Bu pulların hesabına da orda yaşayan azərbaycanlı mühacirlər dolanır.
Son olaraq isə bunu demək istəyirəm ki, hər birimizin sevərək oxuduğumuz, nobel mükafatçısı Albert Kamyudan bir gün soruşurlar ki, futbol, yoxsa teatr? Kamyu cavab verib ki, əlbəttə, futbol!
P.S. Günel Mövlud, sən ofsaydın nə olduğunu bilirsənmi?