"Oyunçuların işə münasibətindən razıyam. Yeganə mənfi hal heyətin parçalanmasıdı. Hələ də heyəti tam komplektləşdirməmişik. Amma çempionatadək bu işi başa çatdırmalıyıq. Yeddi futbolçu gedib. Bu, çoxdu və demək olar ki, komandanı yenidən qururuq. Bu, fərqli komanda olacaq. Mənim komandam taktiki cəhətdən daha yaxşı təşkilatlanması ilə seçilməlidi. Eyni zamanda intizamlı və sabit oyun sərgiləməliyik. Bax bu, Muntyanunun komandası olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumın çalışdırıcı Avropa Liqasına hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib: "İşə düzgün yanaşmaqla nəticə qazanmaq olar. Bizim hələ daha keyfiyyətli hazırlıq üçün vaxtımız var. Rəhbərlik, məşqçilər korpusu və oyunçular ilk mərhələni keçməyi çox istəyir".
"Qəbələ"nin Avroliqa üçün sifariş ərizəsinə iki hücumçunun adı salınıb. Muntyanu rəhbərliklə bu barədə danışdığını bildirib: "Rəhbərliklə bu barədə danışmışam. Əlimizdən gələni edəcəyik. Komandada qalmaq istəməyən futbolçulardan isə danışmaq istəmirəm. Yerli futbolçuların çalışmasından, keyfiyyətindən narazılığım yoxdu. Ümid edirəm ki, birgə daha xeyirli işlər görəcəyik".
Rumın baş məşqçi yeni transferlər - Andrey Kriste və Adrian Ropotan barədə də danışıb: "Bu futbolçuları yaxşı tanıyıram. Onlarla birgə işləmişəm. Keyfiyyətli futbolçulardı. Hər ikisinin böyük təcrübəsi var. Kristea Rumıniya çempionatında uğurlu mövsüm keçirib. O, Viktor Mendi ilə yaxşı rəqabət yaradacaq".
Fanat.az