Birinci Liqanın 25-ci turu çərçivəsində "Zaqatala" səfərdə "Mingəçevir" ilə qarşılaşıb. Görüş tərəflərin qolsuz bərabərliyi (0:0) ilə yekunlaşıb. Matçın gedişində qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılan Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizim fiziki durumla bağlı heç bir problemimiz yox idi. İkinci hissənin son 15 dəqiqəsini yaxşı çıxış etməyimiz buna sübutdurk. Adətən əvəzetmə edə bilmirik. Çünki çoxlu sayda zədəli oyunçumuz var. Meydançanın keyfiyyəti yaxşı olmadığı üçün daha çox mübarizəli oyun izlədik. Bilirsiz ki, "Mingəçevir" döyüşkən komandadır.
Hakimlikdən narazı qaldım. Bizim təmiz qolumuzu qeydə almadılar. Əsasda yan hakimi vurğulayardım. Baş hakim qolu qeydə aldı və bir az keçəndən sonra yan hakim bayrağı qaldırdı. Hansı ki, oyundankənar vəziyyət yox idi. Yan hakim qələbəmizi əlimizdən aldı. Etiraz etdiyim üçün mənə qırmızı vərəqə verildi. Belə hakimlər oyunun gözəlliyini yerə vurursa, sonrakı matçlarda oyunçuları necə motivasiya edək?".
Nahid Ustaclı