"Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Kubokunun "Qarabağ"la final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
41 yaşlı mütəxəssis ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər oyuna maraq göstərirlər. İkinci dəfədir ki, "Qarabağ"la qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında rəqib qazandı. Avropa Liqasının 1/8 finalına yüksəlmiş komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".
O, "Qarabağ"a qarşı oyunlarda pis çıxış etmədiklərini bildirib: "Final matçı ilə bağlı nəsə demək çətindir. "Qarabağ"la üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki, itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək".
Sadıqov bu mövsüm klub tarixinin ən yaxşı nəticəsini qazandıqlarını vurğulayıb: "Həm finala yüksəlməyimiz, həm də Premyer Liqada ikinci yeri tutmağımız "Zirə" üçün bəlkə də tarixin ən yaxşı göstəricisidir. Final görüşündə nə olacağını isə zaman göstərəcək".
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyunun 2-də, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.
Mənbə: Report.az