Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan millisi 4 yarışda təmsil olunacaq.
Konkret, Olimpiadanın 7-ci günündə Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi mübarizə aparacaq.
Yığmamız 5-ci matçında Avstraliya, daha sonra Çin komandası ilə üz-üzə gələcək.
Bu gün həmçinin Batut gimnastikasında Selcan Maqsudova debüt edəcək.
Saat 12 radələrində 100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Günün ikinci yarısında isə boksçumuz Murad Allahverdiyev (80 kq) 1/4 finalda Qazaxıstandan olan Nurbek Oralbayla döyüşəcək. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.