Bir illik fasilədən sonra Premyer Liqaya dönən “Şamaxı” klubu ilə bir neçə futbolçu arasında narazılıq yaşanır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi ötən mövsümdən qalan maaş borcunu və vəd verdiyi mükafatları ödəmədiyi üçün şikayətlərlə üzləşib.
Ötən mövsüm I Liqadan çıxış edən oyunçuların əmək haqlarını ala bilmədikləri üçün hətta AFFA-ya üz tutduqları bildirilir. Assosiasiya isə kluba borclarını ödəməsi üçün təlimat və möhlət verib.
Bu barədə "Şamaxı" klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovla əlaqə saxlayıb son durumu öyrənməyə çalışdıq:
"Bəli, komandada müəyyən pul gecikməsi var idi. Aprel ayı üzrə əməkhaqqının yarısı və mayın bütöv maaşı qalırdı. Ancaq ötən həftə bütün borclar ödənildi. Yəni heç bir futbolçuya maaş borcumuz qalmayıb. "Premiya"ya gəlincə, bəli, vəd olunan həmin məbləğ hələ ödənilməyib. Ancaq buna gecikmə demək olmaz. Çünki o vaxt bütün futbolçulara bildirilmişdi ki, mükafatlar gec, konkret, sentyabr ayında ödəniləcək. Həmin borcları da gələn ay bağlayacağıq".
Yusif bəy məbləğ açıqlamasa da, "Şamaxı" rəhbərliyinin Premyer Liqaya yüksəldiyi üçün oyunçuların hər birinə 5000 manat mükafat vəd etdiyi bildirilir.
Mirağa