"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının ilk pley-off matçında səfərdə İsveçrə "Yanq Boyz"una 2:3 hesabı ilə uduzduqları oyundan sonra maraqlı açıqlaması ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis TRT kanalına müsahibəsində İsveçrə təmsilçisi ilə matçı Almaniyaya bağlı kantonda (əyalət) keçirdiklərini xatırladaraq qarşılaşmaya alman hakimin təyin olunmasına etirazını belə bildirib:
"Etiraf etməliyəm ki, səhvlərimiz oldu, zaman-zaman mövqeləri əldən verdik. Daha yaxşı çıxış etməliydik. Amma məni hakim idarəçiliyi də narahat etdi. Tribunada idim, oradan baxırdım. O, lazımsız vərəqələr verdi. Üstəlik, vərəqə göstərdikdən sonra onu qeyd etməsi iki dəqiqə çəkdi. İsveçrənin Almaniya kantonunda oynadıq və matçı alman hakim idarə etdi. İnşallah, ikinci oyuna da azərbaycanlı referi təyin edərlər və beləliklə vəziyyət bərabərləşdiriləcək”.
Qeyd edək ki, "Qalatasaray"la "Yanq Boyz" arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.
Mirağa