"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Səbail"lə oyundan (2:1) sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçı dəyərləndirib:
"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdilər. Çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da meydanda hiss olunurdu. Çox əziyyət çəkdik. Xeyli qol epizodumuz var idi, istifadə edə bilmədik. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib bizi buna məcbur etdi.
Transferlər böyük ehtimalla bitib. Vaxtımız da azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.
Aleksey Kaşuku meydanda görmək üçün bir az vaxt lazım olacaq. Düzdür, məşqlərdə çox aktiv iştirak edir. Amma uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Risk etmək istəmirik. Bir neçə oyun keçsin, baxarıq. Məşqlərdən asılı olacaq".