Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı "Heerenveen"lə qarşılaşacaq.
Bu barədə Hollandiya klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşma iyulun 26-da baş tutacaq və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Oyun "Drachtster Bos van Drachtster Boys" bazasında keçiriləcək.
Qeyd edək ki, "Qəbələ" Hollandiyada "Alkmaar"la da oynayacaq. Bu matç iyulun 20-də baş tutacaq.
"Heerenveen" klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub bir dəfə Hollandiya Kubokunu qazanıb (2008/09), iki dəfə finalda oynayıb (1992/93, 1996/97). 1999/2000 mövsümündə Hollandiya çempionatının gümüş medallarını qazanan komanda tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasına qatılıb. Tarixi ərzində 6 dəfə İntertoto Kubokuna, 8 dəfə Avropa Liqasına (UEFA Kuboku) qatılan "Heerenveen" 1 dəfə Kuboklar Kubokunda iştirak edib. "Qəbələ"nin rəqibi 1 dəfə Çempionlar Liqasının, 5 dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib.
Ötən mövsüm Hollandiya çempionatını 5-ci pillədə başa vuran "Heerenveen"ə Dvigt Lodeveges başçılıq edir. Komandanın heyətində İsveç, Belçika, Norveç, Almaniya, Hollandiya və Qvineyadan 6 legioner çıxış edir.
Fanat.az