Misli Premyer Liqasının X turunun "Neftçi" - "Səbail" matçından (3:1) sonra qonaqların baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis uduzduqları matçla bağlı bunları deyib:
"İstədiyimiz futbolu oynaya bilmədik. Böyük problemlərimiz var idi. Üç nəfərin olmaması, dördüncünün isə meydana zədəli çıxması özünü göstərdi. "Şamaxı" ilə matça oturuşmuş heyətlə çıxmışdıq. Həm də sanki futbolçular "Neftçi"nin adından qorxdular. Görüş tamamilə rəqibin üstünlüyü ilə keçdi. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır.
Biz də gərək taleyimizlə barışaq. İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".