"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turunda "Sabah"la ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:
"Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən də bu idi. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Oyunun əvvəlində gözlənilməz oldu ki, bəzi oyunçular passiv başladılar. Rəqibə üstünlük verdik, rəqib qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə bizim nəzarətimizdə keçdi. Amma bunu qola çevirə bilmirdik. Yüz faizli qol imkanları yarada bilmirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. "Sabah" kimi komandanı üç xal önümüzə buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Ədalətli nəticə oldu.
Utziqdən razı qaldımmı? Apardığı mübarizədən, fədakarlığından razı qaldım. Rəqiblər də bilir ki, o, bizim əsas qol silahımızdır. Ona xüsusi diqqət var. Çox istəkli idi. Rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Hesab oyuna görə oldu.
Giorgi Papunaşvilinin meydana 60-cı dəqiqədə çıxmasını planlaşdırmışdıq. Zədəyə görə 4 ay oynamayıb. Amma çox istəklə işləyir. Bəzən ehtiyat edirəm ki, addım-addım gedək və uzunmüddətli zədə almasın. Çıxışından razıyam. Məşqlərdə də özünü yaxşı göstərir. Yaxşı da qol vurdu. Ondan razıyam".
Sadıqov "son günlər milli məsələsi çox müzakirə olunur. İlqar Qurbanov bildirib ki, milliyə tapşırıqlar oyunçu dəvət olunurdu. Buna münasibətiniz necədir" sualını belə cavablandırıb:
"İzləyirəm. Bu sual bütün məşqçilərə verilib. Elə mövzudur ki, bu sualı bir cavabla cavablandırmaq asan deyil. Qurban Qurbanova da sual veriblər. Son illərdə ən uğurlu, ən ədalətli milli periodu o dövr idi. Ona da sualın ünvanlanması mənə qəribə gəldi. İlqar Qurbanovun iddialarının detallarına varmaqdan ötrü, ona sual vermək lazımdır. Ehtimal edirəm, hansı məqamları gözünün qabağında canlandırıb və bu fikri səsləndirib. Onun bu fikrini əsas götürüb bütün məşqçilərə eyni sualı ünvanlamaq düzgün deyil. Periodik olaraq milliyə dəvət olunanlar birmənalı qarşılanmırdı. İnanmıram ki, sırf sifariş, zəng olsun ki, filan oyunçunu oynat. Bəzi məşqçilər təzyiq altında istəmədiyi qərarlarda qalır. Suallar çox olub. Elə mövzudur ki, gərək 1-2 saat analiz edəsən, 2010-da kim dəvət edildi, hansı məşqçinin dövründə kim dəvət olundu. Kim milliləşdirildi? Sonra lazım olmadı? Daha geniş yanaşılsa, daha düzgün olar".